REGİONLAR
ŞƏKİ TAXILÇILARI ÇƏTİN SINAQ QARŞISINDA
Şəki Şəhər İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mütəxəssislər tərəfindən əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il rayonun taxılçıları olduqca ciddi və çətin problemlə üzləşmişlər. 2003-cü ilin yazından başlayaraq havaların qeyri-sabit, həddən artıq yağmurlu keçməsi zərərvericilərin və alaq otlarının həddən artıq çoxalmasına səbəb olmuşdur. Belə zərərvericilərə qarşı istər yaz-yay, istərsə də payız mövsümü ərzində müəyyən kimyəvi mübarizə tədbirləri həyata keçirilsə də, havaların yağmurlu keçməsi torpağa verilmiş kimyəvi preparatların təsir gücünü xeyli azaltmışdır. Nəticədə, əkin sahələrində zərərvericiləri məhv etmək mümkün olmamışdır.
Taxıl bağacıq, məftilqurdu, sümürtkən və sair kimi qorxulu zərərvericilər artıq indidən dəmyə sahələrdə taxılın ilk cücərtilərinə ciddi zərər vermişlər. Rayonun Turan, Bolludərə, Sacıca, Qaratorpaq, Cəyirli, Qarasov və başqa ərazilərində taxıl əkinlərinin məhv olmaq təhlükəsi vardır. Ümumiyyətlə, mütəxəssislər tərəfindən 44 min hektar ərazidə aparılmış müşahidələr göstərir ki, bu zərərvericilər, rayonun demək olar, bütün əkin sahələrinə, hətta bəzi yerlərdə meşə zolaqlarına və digər ərazilərə də yayılmışdır.
Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Respublika Bitki Mühafizəsi Stansiyasının mütəxəssisləri vəziyyətlə yerində tanış olmaq üçün rayona gəlmiş, taxıl əkilmiş sahələrdə müvafiq müşahidələr aparmışlar. Onlar hesab edirlər ki, zərərvericilərə qarşı təcili surətdə və ardıcıl kimyəvi, aqrotexniki mübarizə tədbirləri həyata keçirilməzsə, gələn il rayonda taxıl istehsalı xeyli dərəcədə azala bilər.
Şəki taxılçıları mövcud çətinlikləri öz imkanları hesabına aradan qaldırmağa çalışsalar da, hələlik buna nail ola bilməmişlər. Odur ki, rayon rəhbərliyi problemin həlli üçün Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlarına müraciət etmişdir.