MƏDƏNİYYƏT
SƏMƏD VURĞUNUN XATİRƏ GECƏSİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan ədəbiyyatı və poeziyasının fəxri, dahi şairin xatirə gecəsində Muğam Teatrının direktoru və baş rejissoru Arif Qazıyev, şair Vahid Əziz, bəstəkar Arif Məlikov və başqaları çıxış edərək Səməd Vurğun yaradıcılığından söz açmış, unudulmaz xatirələrini söyləmişlər. Azərbaycan poeziyasının ən dəyərli nümunələri - gözəl Vətənimizi, torpağımızı vəsf edən Səməd Vurğunun məhşur serləri , sözlərinə yazılmış mahnılar oxunmuş, şair haqqında görkəmli söz ustalarının lent yazıları səslənmişdir. Xalq artistləri Elmira Rəhimova, Məmmədbağır Bağırzadə, bəstəkar Şəfiqə Axundova, İlham Əsgərov, əməkdar artistlər Könül Xasıyeva, Nazpəri Dostəliyeva, müğənnilər Hüsniyyə Hüseynova, Səbinə İlyasova və başqalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar, muğam-təsniflər və şerlər oxunmuşdur.
Gecənin sonunda Səməd Vurğunun qızı Aybəniz Vəkilova xatirə mərasiminin təşkilinə görə poeziya və musiqi xadimlərinə dərin minnətdarlığını bildirmişdir.