İDMAN
“ŞƏMKİR” FUTBOL KOMANDASI “TBİLİSİ” KOMANDASI İLƏ GÖRÜŞMÜŞDÜR
İlk dəqiqələrdən üstünlüyü ələ alan Gürcüstan futbolçuları oyunun 35-ci dəqiqəsində hesabı açmışlar. Hər iki tərəfin cəhdinə baxmayaraq oyunun sonunadək hesab dəyişilməz qalmışdır. Şəmkirlilər bir neçə dəfə tbilisililərin qapısı ağzında təhlükəli vəziyyət yaratsalar da, hücumçular əlverişli şəraitdən istifadə edə bilməmişlər. Oyunun ikinci hissəsində “Şəmkir” komandasının məşqçisi meydançaya yeni idmançılar çıxarsa da yarışın gedişində dönüş yaranmamış və belaruslu hakim oyunun başa çatdığını bildirmişdir.
“Şəmkir” komandasının qapıçısı Mikayıl Yusifov gözəl oyun nümayiş etdirmiş, 90 dəqiqə ərzində bir an da olsun sayıqlığı itirməmiş və məhz onun ustalığı sayəsində Azərbaycan futbolçuları 2-ci qoldan yaxa qurtara bilmişlər. Oyunun 76-cı dəqiqəsində hakimin şəmkirlilərin qapısına təyin etdiyi onbirmetrlik cəriməni Mikayıl Yusifov dəf edə bilmişdir. Elə buna görə də haqlı olaraq ən yaxşı oyunçu üçün təsis olunan mükafata qol sahibi Giorgi Çelidze və “Şəmkir”in qapıçısı Mikayıl Yusifov layiq görülmüşlər.
Komandalar növbəti görüşü Azərbaycanda keçirəcəklər.