MƏDƏNİYYƏT
“ŞƏRQ” TƏRCÜMƏ TOPLUSUNUN İKİNCİ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Bu münasibətlə noyabrın 22-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunda kitabın təqdimat mərasimi keçirilmişdir.
Muzeyin direktoru, professor Rəfael Hüseynov nəşrin hazırlanması prosesi barədə ətraflı məlumat verərək bildirmişdir ki, kitabda müxtəlif xarakterli mətnlər, əsasən, Şərq dillərindən tərcümələr, eləcə də dünyanın məşhur şərqşünas, azərbaycanşünas alimlərinin Şərq və Azərbaycanla əlaqədar dəyərli yazıları, ədəbi, elmi, fəlsəfi qaynaqlardan seçmələr və çağdaş klassik Şərq ədəbiyyatından nümünələr, Qərb şərqşünaslarının Şərq tarixi və mədəniyyətinə dair tədqiqatlarından tərcümələr toplanmışdır.
Mühüm cəhətlərdən biri də topluda haqqında cox az bildiyimiz qaşqayların ədəbiyyatından nümünələrin də yer almasıdır. Oxucular kitabda ustad Şəhriyarın unudulmaz şərqşünas alim, əvəzsiz tərcüməçi Məmməd Mübariz Əlizadənin tərcüməsində ilk dəfə çap edilən şeirləri ilə də tanış olmaq imkanı qazanacaqlar.
Filoloqlar, tarixçilər, filosoflar, eləcə də Şərq ədəbiyyatı və mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın redaktoru Rəfael Hüseynovdur.