SƏUDİYYƏ ƏRƏBİSTANINDA ÇƏKİSİNƏ GÖRƏ DÜNYADA ƏN BAHALI İRAN XALÇASI SATILIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, çəkisinə görə dünyada ən bahalı olan və əl ilə toxunmuş kiçik İran xalçası Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki beynəlxalq ticarət sərgisində satışa çıxarılmışdır. “Əş-Şərq əl-Övsət” qəzeti yazır ki, xalçanın sahibi məşhur İsfahan xalçaçılarının bu şah əsərini 1 milyon dollara satmaq niyyətindədir.
Tacir Feyzulla Səfədzadə demişdir ki, ən mahir iki xalçaçı qadının yun və ipək saplardan toxuduğu xalça üç ilə ərsəyə gətirilmişdir.
Üzərində İsfahandakı məscid təsvir edilən xalçanı toxumaq üçün 1000-dən çox rəng çalarlı saplardan istifadə olunmuşdur.
Səfədzadə dünyada ən bahalı “Nasir Şiraz məlikidir” xalçasının da müəlliflərindən biridir. Bu xalça ölçüsünə görə Ciddədəki xalçadan xeyli böyükdür və o vaxt daha böyük məbləğə satılmışdı.