İQTİSADİYYAT
SAXTA MALLARIN SATIŞI DAYANDIRILMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərində saxta “Borjomi” müalicəvi sularının satılması ilə bağlı daxil olmuş müraciətlərə əsasən, departamentdə yaradılmış komissiya tərəfindən araşdırma aparılmış və paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində fəaliyyət göstərən bəzi ticarət obyektlərində saxta əmtəə nişanı ilə “Borjomi” müalicəvi sularının satılması faktları aşkar edilmişdir.
Nərimanov rayonu ərazisində fiziki şəxs A. Rəhimova məxsus ərzaq malları mağazasında mənşəyini təsdiq edən qaimə və hesab-fakturası olmayan 86 butulka bu cür sular aşkar olunmuşdur. Aşkara çıxarılmış qanun pozuntusu ilə əlaqədar akt tərtib olunmuş və saxta malın satışı dayandırılmışdır. Eyni hala həmin rayonun ərazisində fiziki şəxs M. Məcidova məxsus ərzaq malları mağazasında da rast gəlinmişdir. Bu ticarət obyektində mənşəyini təsdiq edən müvafiq sənədlər və hesab-fakturası olmayan saxta “Borjomi” əmtəə nişanı ilə markalanmış 400 butulka su aşkar olunmuşdur. Qanun pozuntusu ilə bağlı akt tərtib olunmuş, saxta məhsullar satışdan çıxarılmışdır.
Nəsimi rayonunda aparılan araşdırma zamanı fiziki şəxs B. Allahverdiyevə məxsus ərzaq malları mağazasında 200 ədəd, Ş. Məmmədovaya məxsus mağazada 20 ədəd, E. Məmmədova məxsus mağazada 100 ədəd, Z. Quliyevə məxsus mağazada 900 ədəd, M. Haqverdiyevin mağazasında 100 ədəd mənşəyini təsdiq edən qaimə və hesab-fakturası olmayan saxta “Borjomi” əmtəə nişanı ilə markalanmış su aşkar edilərək, müvafiq qərar qəbul olunanadək cavabdeh saxlanmaya verilmişdir.
Keçirilmiş monitorinq zamanı aşkar olunan qanun pozuntularının aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Haqsız rəqabət haqqında” qanunlarının müvafiq maddələrinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.