DÜNYA
SHELL KONSERNİ REKORD MƏBLƏĞDƏ MƏNFƏƏT GÖTÜRMÜŞDÜR
Royal Dutch Shell Böyük Britaniya-Hollandiya müştərək enerji konserni 2005-ci ildə neftin qymətinin artması hesabına Britaniya korporativ tarixində görünməmiş məbləğdə - 23 milyard dollar mənfəət əldə etmişdir. Bunun çox hissəsi neftin hasilatı və topdansatışının payına düşür. Shell Böyük Britaniyada neft məhsullarının pərakəndə satışından çox az qazanır, çünki bu ölkədə yanacağa Avropada ən böyük məbləğdə vergi qoyulur. Buna baxmayaraq, avtomobilçilərin mənafelərini müdafiə edən təşkiltların nümayəndələri şirkətdən benzinin və dizel yanacağının qiymətini aşağı salmağı tələb edirlər.
2005-ci ildə xam neftin qiyməti 1 barrel üçün 45 dollardan 70 dollaradək qalxmışdı. Ötən yay neftin qiymətinin kəskin qalxması bir neçə amillə izah olunur. Bir tərəfdən, Çində və ABŞ-da yanacağa tələbat artmışdı, digər tərəfdən, neft hasil edən bəzi ölkələrdə siyasi qarşıdurmalar, habelə dağıdıcı qasırğalar nəticəsində Meksika körfəzində infrastrukturun işində yaranmış fasilələr neftin qiymətlərinə təsir göstərmişdi. Shell illik göstəricilərlə yanaşı, korporasiyanın xalis mənfəəti barədə də məlumat yaymışdır. Ötən ilin dördüncü rübündə bu göstərici 5,4 milyard dollar təşkil etmişdir.