İQTİSADİYYAT
“ŞİMAL” ELEKTRİK STANSİYASINDA ÜÇ TÜSTÜ BORUSUNDAN İKİSİ LƏĞV EDİLMİŞDİR
Oktyabrın 1-də çəkisi 1.600 ton olan boru partladılmışdır. Bu iş “Azərqazmapartlayış” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) tərəfindən həyata keçirilmişdir. Birinci oxşar tüstü borusunun partladılmasını da bu MMC yerinə yetirmişdir.
Ərazidəki üçüncü tüstü borusu isə hələ istifadədə saxlanılacaqdır. Çünki stansiyadakı 150 meqavatlıq qurğu 2009-cu ilədək istismar ediləcəkdir.
Stansiyadakı 400 meqavatlıq buxar-qaz qurğusu da təmirdən sonra istifadəyə verilmişdir. Qurğunun yanma kameraları və keçid elementləri dəyişdirilmiş, digər nasazlıqlar aradan qaldırılmışdır. Transformatorlarda sazlama işləri İtaliyanın “ABB” şirkətinin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Qazanlarda sızmalar Belçikanın “CMİ” şirkətinin, qaz turbininin yanma kamerasındakı nasazlıqlar isə Yaponiya və Azərbaycan mütəxəssislərinin birgə səyi nəticəsində aradan qaldırılmışdır.
Stansiyaya verilən qazın donmaması üçün oktyabrın sonlarında İtaliyadan qaz qızdırıcısı gətiriləcəkdir. Qızdırıcının quraşdırılması üçün bütün hazırlıq işləri artıq başa çatdırılmışdır.