İQTİSADİYYAT


SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” olub

Bakı, 18 may, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Növbəti tərəfdaş qurum “Yelo Bank” oldu.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Yelo Bank”ın müştəriləri “Yelo” mobil tətbiqindən artıq SİMA imza ilə qeydiyyatdan keçə bilərlər.

Rəqəmsal imzanı əldə etmiş müştərilər növbəti mərhələdə bank xidmətləri üçün onlayn müraciət etdikdə bütün sənədləri SİMA ilə imzalaya biləcəklər. Bununla da vətəndaşlar SİMA-nın üstünlüklərindən istifadə edərək banka gəlmədən, zaman itkisinə yol vermədən bankın müxtəlif məhsullarını əldə edə biləcəklər.

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması daxildir. Eyni zamanda, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.