İQTİSADİYYAT


SOCAR: “Şahdəniz-2” yatağından ilk qaz hasilatına bu ilin sentyabrında başlanılacaq

Bakı, 13 yanvar, AZƏRTAC

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından ilk təbii qaz hasilatına bu il sentyabrın 20-də başlanması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Natural Gas World”ə SOCAR-dan bildirilib. Qeyd edilib ki, yataqdan ilkin mərhələdə az həcmdə qaz hasil olunacaq və 2019-cu ildə “Şahdəniz-2” layihəsi çərçivəsində əlavə 2 milyard kubmetr təbii qaz çıxarılacaq.

Qeyd edək ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qaz Avropa ölkələrinə “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql ediləcək. Layihə dörd hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz ixrac qaz boru kəmərinin genişləndirilməsidir. Üçüncü mühüm hissə Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsidir. Dördüncü hissə isə Azərbaycan təbii qazının Avropaya çatdırılmasına imkan yaradacaq “Trans-Adriatik” (TAP) boru kəməridir.

Yatağın tammiqyaslı işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlər artıq başa çatdırılır. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda 15-ci quyu qazılır. Altı quyu tamamlanıb, daha bir quyu tamamlanmaq üzrədir. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq. TANAP-ın inşası bu il, TAP-ın tikintisi isə 2019-cu ildə qurtaracaq. “Cənub Qaz Dəhlizi” ilə ildə 16 milyard kubmetr “Şahdəniz” qazı ixrac ediləcək. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə çatdırılacaq. “Cənub Qaz Dəhlizi”nin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.