CƏMİYYƏT
SOCAR-ın Gürcüstan nümayəndəliyi Marneulidəki fiziki qüsurlu şəxslərə yardım edib
Tbilisi, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyi bu ölkədəki azərbaycanlılara yardımları davam etdirir.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın Gürcüstan nümayəndəliyi 3 dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar Marneuli rayonundakı azərbaycanlı əlilləri sevindirib.
Şirkətin dəstəyi və Gürcüstan Azərbaycanlılarının Əlillər Assosiasiyasının təşəbbüsü ilə Marneuli rayonunun İkinci Kosalı, Böyük Muğanlı, Sadaxlı, Qasımlı, Qaçağan, Təkəli və Sabir kəndlərində fiziki qüsurlu şəxslərə əlil arabaları hədiyyə olunub. Ümumilikdə fiziki məhdudiyyətli şəxslərə 20 əlil arabası təqdim edilib.
Yardım alan şəxslər Azərbaycan dövlətinə və SOCAR rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Mərasimdə bildirilib ki, bölgədə əlilliyi olan imkansız şəxslər çoxdur və SOCAR bu cür yardımları davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi