İQTİSADİYYAT
SOCAR-ın mədən ərazilərində 120 minədək müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir
Bakı, 4 fevral, AZƏRTAC
SOCAR-ın mədən ərazilərində 120 minədək müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində QSC-nin həyata keçirdiyi layihələrdən biri də, “Azneft” İB-nin neft və qazçıxarma idarələrinin (NQÇİ) və Qaz Emalı Zavodunun reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir. Hazırda qış mövsümü ilə əlaqədar havaların soyuq keçməsinə baxmayaraq, QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində və Qaz Emalı Zavodunun ərazisində ümumilikdə 119 min 825 ədəd müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı, QSC “Azneft” İB-nin NQÇİ-lərinin mədən ərazilərində yaşıllıqların genişləndirilməsi məqsədilə sahələrdə müxtəlif növ ağacların əkilməsini təmin edir.
Hazırda “Abşeronneft” NQÇİ-nin (Pirallahı) mədən ərazilərində 40 min 39 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin Qala ərazisində 4510 ədəd, “BibiHeybətneft” NQÇİ-nin ərazisində olan 63 min 399 ədəd müxtəlif növ ağac və bəzək kollarına, 320 kvadratmetr istixanada 11 min 700 ədəd ağac tinglərinə və Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ həmişəyaşıl ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir. Həmçinin "Ekol Mühəndislik Xidmətləri" QSC-nin O.Vəliyev 1 ünvanında fəaliyyət göstərən istehsalat sahələrində qış mövsümü ilə əlaqədar 2536 ədəd müxtəlif növ ağac, 1567 ədəd bəzək kolları və 942 ədəd ştillərə İnzibati Təsərrüfat Şöbəsinin təcrübəli bağbanları və işçi heyəti tərəfindən yüksək səviyyədə qulluq göstərilir.