İQTİSADİYYAT


SOCAR məhsuldarlığı aşağı olan neft-qaz yataqlarının istismarını dayandırıb

Bakı, 19 sentyabr, AZƏRTAC

SOCAR məhsuldarlığı aşağı olan neft və qaz yataqlarının istismarını dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qeyd edib ki, “OPEC+” sazişi üzrə Azərbaycanın istehsalı azaltması ilə bağlı göstəricilər yalnız xam neftin hasilatına aiddir. Hasilatın məhdudlaşdırılması prosesində qərarvermə mexanizminin başlıca amilləri kimi yataqların istismarının iqtisadi səmərəliliyi, texniki dayanıqlılığı, sənaye təhlükəsizliyi və ətraf mühitə mənfi təsirin minimuma endirilməsi prinsipləri əsas götürülüb. Əsasən quruda yerləşən və hasilatın maya dəyəri yüksək, məhsuldarlığı isə aşağı olan neft və qaz yataqlarının istismarı dayandırılıb, daha yüksək rentabellik göstəricilərinə malik dənizdə yerləşən yataqlarda isə istismar tam həcmdə davam etdirilir.

O bildirib ki, qurudakı yataqlarda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar təbii olaraq aparılan qazma əməliyyatlarının həcmi də azaldılıb. Nəticədə əmək fəaliyyətinin həcmi azalan işçilərin əksəriyyəti quyuların konservasiya işlərinə və avadanlıqlara texniki xidmət sahələrinə cəlb olunurlar. Həmin əməkdaşların göstəriciləri SOCAR-ın Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilir, onların müvafiq müəssisə və təşkilatlarının siyahı tərkibində saxlanılması üçün əmək qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində tədbirlər görülür. Şirkətdaxili vakansiyalar üzrə (əgər həmin ixtisas üzrə KEB-də namizəd varsa) kənardan işə qəbulun dayandırılması və vakansiyaların KEB-ə daxil edilmiş işçilər hesabına təmin olunması, eləcə də işçilərin yenidən hazırlanması və yeni peşələrə yiyələnmələri üçün SOCAR-ın kadr hazırlığı mərkəzlərində çoxsaylı təlimlər təşkil edilir, proqramlar keçirilir: “Əməkdaşların yeni ixtisaslara yiyələnməsi həm də rəqəmsal sənaye dövrünün çağırışları ilə aktuallıq qazanıb. Başlıca prioritet davamlı inkişafın təmin olunmasına verildiyi üçün biz, SOCAR-da kadr hazırlığı üzrə əsas səylərin məqsədyönlü şəkildə əməkdaşların ixtisasının artırılması və yenidən təhsili istiqamətlərinə yönəldilməsini vacib sayırıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.