CƏMİYYƏT


SOVQAT layihəsi çərçivəsində növbəti “Peşəkarlarla görüş” saatı keçirilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Ölkədə qida məhsulları sahəsində əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlıq subyektlərinə dəstək olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən SOVQAT layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində onlayn platforma üzərindən ayda 2 dəfə “Peşəkarlarla görüş” saatının keçirilməsi nəzərdə tutulub. Budəfəki görüş “Pandemiya dövründə ictimai iaşə obyektlərinin fəaliyyətinin təşkili” mövzusunda təşkil olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk olaraq, görüşdə iştirak edən ictimai iaşə müəssislərinin sahiblərinə SOVQAT layihəsi barədə ətraflı məlumat verilib, layihənin üstünlüklərindən danışılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Ramazan Nəbiyev isə iştirakçılara koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və normativ hüquqi sənədlərin tələbləri barədə ətraflı məlumat verib. Bildirilib ki, hər bir iaşə məkanında istər müştərilərin, istərsə də işçi heyətin müvafiq tələblərə əməl etməsinə ciddi nəzarət olunmalıdır.

Görüşdə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları, yəni qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmaqla, hər adambaşına müəyyən edilən sahənin ikiqat artırılmaqla pandemiya dövründə hansı sayda qonaqlara xidmətin təşkili ilə bağlı hesablama metodologiyası haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, ictimai iaşə müəssisələrində təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına ciddi əməl edilməlidir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Dezinfeksiyaedici maddələr lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir. Dezinfeksiya işlərinin aparıldığı mühit mütləq havalandırılmalıdır. Qida ilə təmasda olan səthlərin dezinfeksiyasından sonra su ilə durulanması mütləqdir.

Daha sonra ictimai iaşə müəssisələrinin sahiblərinin nəzərinə çatdırılıb ki, mətbəxdə bütün qida məhsullarının təmiz və qidanın xüsusiyyətlərinə uyğun olaraq bağlı dolablarda qapalı saxlanması və bu qida məhsullarına mümkün qədər az sayda işçi heyətin təması təmin edilməlidir. Həmçinin xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin yuyulub təmizlənməsi prosedurlarına ciddi nəzarət olunmalıdır.

İştirakçılara bildirilib ki, heyvan mənşəli məhsullardan yoluxma ehtimalının aradan qaldırılması məqsədilə mətbəxə gətirilən heyvan mənşəli məhsullar dövlət baytarlıq nəzarətindən keçməklə müvafiq icazə sənədləri ilə müşayiət olunmalıdır.

Videobağlantı formatında keçirilən görüşdə ictimai iaşə müəssisələrinin əməkdaşlarının sualları cavablandırılıb, qida təhlükəsizliyinin təmin olunmasında belə maarifləndirici görüşlərin təşkilinin vacibliyi ifadə olunub.

Qeyd edək ki, AQTİ tərəfindən həyata keçirilən SOVQAT - Sahibkarlıq Obyektlərinə Vahid Qida təhlükəsizlik Anlayışının Tətbiqi layihəsinin məqsədi qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.