SOYDAŞLARIMIZIN VARŞAVADA KEÇİRDİKLƏRİ TƏDBİRİ ERMƏNİLƏR POZMAQ İSTƏYİBLƏRAMMA ONLARIN CƏHDİ BAŞ TUTMAYIB
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Varşava şəhərində Azərbaycan Mədəniyyət- İnformasiya Mərkəzinin açılışı olmuş, həmçinin Almaniyada yaşayan rəssam Əşrəf Heybətovun əsərlərindən ibarət sərgi keçirilmişdir. Hər iki tədbir Mərkəzin yaradıcısı, hazırda Varşava Universitetinin tələbəsi, ixtisasca jurnalist və Polşa ictimaiyyəti arasında böyük nüfuza malik olan Hicran Əliyeva, Varşava meriyası, Polşa-Şərq Cəmiyyətlərarası İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuşdur. Hicran Əliyeva tədbirin iştirakçılarını polyak və doğma dilimizdə salamlayaraq onlara Azərbaycanın qədim tarixi və adət-ənənələrindən danışmış, Polşa-Azərbaycan münasibətlərinin mədəni və tarixi kökləri haqda məlumat vermişdir.
Qdansk şəhərində fəaliyyət göstərən Polşa-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Kərim Hacıyev isə Polşa ilə Azərbaycan arasındakı əlaqələrin qədimliyindən və möhkəmliyindən söz açmışdır.
Tədbirdə Varşava Meriyası Mədəniyyət Departamentinin direktoru M.Naimska, Polşa Xarici İşlər Nazirliyinin nümayəndələri, Mühacirlərlə İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Qafqaz Xalqları Mədəniyyəti İnstitutunun prezidenti K.Brodaska, Türkiyənin Polşadakı səfiri Candan Azər Polşada fəaliyyət göstərən digər millətlərin icma rəhbərləri, Dövlət Komitəsinin, Təhsil Nazirliyinin və Bakıdakı 134 nömrəli məktəbin nümayəndələri də iştirak edirdilər.
Mərasimin keçirildiyi Polşa-Şərq Cəmiyyətlərarası İş üzrə Dövlət Komitəsinin prezidenti Stefan Navrot tədbirdə çıxış edərək hər zaman Azərbaycan və Polşa əlaqələrinin genişləndirilməsi sahəsində iş aparacağını və gənc azərbaycanlı qızın tutduğu bu şərəfli yolda onu dəstəkləyəcəyini bildirmişdir.
Tədbirdə soydaşlarımız yaşadıqları şəhərlərdə də diaspor təşkilatlarının yaradılması təklifi ilə çıxış etdilər. Mərhum sənətkar, tanınmış aktrisa Barat Şəkinskayanın nəvəsi, 15 ilə yaxın Polşada yaşayan Kərim Məmmədovun həyat yoldaşı, əslən polyak olan, lakin Azərbaycanı özünün ikinci Vətəni hesab edən Emilya Məmmədova da polyaklarla birlikdə “Azərbaycanın dostları” cəmiyyətinin yaradılması ideyasını irəli sürmüşdür.
Belə bir tədbirin keçirilməsi Varşavada yaşayan erməniləri bərk təşvişə salıb. Belə ki, mərasimin keçirildiyi “Millətlər evi”nin akt zalında milli geyimli və əllərində müxtəlif milli əşyalar tutmuş 7-8 nəfər erməni əsilli şəxs tədbirə qatılmaq istəyənlərin zala daxil olmalarına süni maneələr yaratmaq istəyiblər. Onların bəziləri fürsət taparaq zala daxil olub və erməni dilində reprikalar da atıblar. Lakin tədbir iştirakçılarının diqqətini özlərinə cəlb edə bilmədiklərini görüb, binanı tərk etmək məcburiyyətində qalıblar.