MƏDƏNİYYƏT


“SÖZ VAR GƏLƏR KEÇƏR, SÖZ VAR DƏLƏR KEÇƏR”

Bakı, 27 may (AZƏRTAC). Əməkdar Jurnalist, yazıçı Rüstəm Rüstəmovun «Söz var gələr keçər, söz var dələr keçər» adlı yeni kitabı işıq üzü görmüşdür. «Ərgünəş» nəşriyyatında çapdan çıxmış kitaba müəllifin son illərdə qələmə aldığı povest, hekayə və novellaları toplanmışdır.

R.Rüstəmovun qəhrəmanları adi insanlardır, fövqəladə istedad və ya başqalarından fərqlənən elə bir cəhətləri ilə seçilmirlər. Bu qəhrəmanları birləşdirən bir xüsusiyyət vardır ki, o da dünyaya fərqli baxış, incə yumor hissidir. Müəllif toxunduğu problemlərin bəzən dərin, ağrılı, bəzən isə heç adi məntiqə sığmayan olduğunu bilsə də, «özünü o yerə qoymur», təmkinini pozmur, acılıq edib şirin zarafatını sosial çalarlarla bulandırmır. Bəlkə elə buna görə onun nəql etdiyi əhvalatlar adamı yormur, əksinə, şuxluğu, oxunaqlığı ilə cəlb edir. Bəzən lətifə çərçivəsinə qədər «sıxılmış» hekayələrdə bir çox müəlliflərdə rast gəlinən haşiyələr, mətləbdən kənara çıxıb (əslində söhbəti uzadıb) lirik ricətlərə baş vurmaq həvəsi yoxdur. Müəllif sanki oxucuya deyir: «Mən belə gördüm, qalanı sənin boynuna». Kitabda toplanmış hekayənin, o cümlədən «Avropa standartı», «Yol əhvalatı», «Adətkarlar», «Bazar iqtisadiyyatı», «Ulduz xəstəliyi», «Zorən elçilik», «Tələ», «Sonrakı peşmançılıq» və digərlərinin emosional təsiri məhz elə bu «dərinə getməməkdə», az sözlə çox şeyi anlatmaq bacarığındadır. Lakin üzdə olan bu adilik əsla bəsitlik sərhədində dolaşan sadəlik deyil, bədii priyomdur, estetik platformadır.

Əlbəttə, yeni kitab haqqında son sözü oxucu deyəcək, lakin o, kitabı vərəqləyəndə, hekayədən-hekayəyə qəhrəmanların başına gələnlərlə tanış olanda dodağının qaçacağına şübhə etmirik.

######

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.