SİYASƏT
STOKHOLMDA “İSVEÇİN GƏNC AZƏRBAYCANLILARI” ADLI YENİ TƏŞKİLAT YARADILMIŞDIR
Bakı, 19 may (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, İsveç Krallığında yaşayan azərbaycanlı gənclər “İsveçin Gənc Azərbaycanlıları” adlı yeni təşkilat yaratmışlar.
Stokholmda keçirilmiş təsis konfransında Linköping Universitetinin tələbəsi Mahirə Muxtarlı və Stokholm Universitetinin tələbəsi Fərəc Quliyev təşkilatın nizamnaməsini təqdim etmişlər.
Təsis konfransında təşkilatın idarə heyəti və rəmzləri təsdiq olunmuşdur. İdarə heyətinə tələbələr, eləcə də ayrı-ayrı idarələrdə, müəssisələrdə çalışan fəal gənclər seçilmişlər.
Konfransa dəvət olunan qonaqlar çıxış edərək, gənclərin bu təşəbbüsünə və onların gələcək fəaliyyətinə dəstək verəcəklərini bildirmişlər.
İsveçdə yaşayan soydaşlarımızın birgə fəaliyyətinin nəticəsi olaraq İsveç Azərbaycanlıları Konqresinin yaradılması nəzərdə tutulmuşdur. Konqresin ilk qurultayı iyunun 5-də Stokholmda keçiriləcəkdir.
Xatırladaq ki, son vaxtlar İsveçdə yaşayan soydaşlarımız daha mütəşəkkil fəaliyyət göstərməyə başlamışlar. İlin əvvəlindən artıq bir neçə dərnək və cəmiyyət rəsmi qeydiyyatdan keçmişdir.