ELM VƏ TƏHSİL
SUMQAYITDA ALMAN DİLİ MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 17-də Sumqayıtda Almaniyanın Lüdviqshafen şəhərinin maliyyə və təşkilati dəstəyi ilə yaradılmış Alman dili mərkəzinin təntənəli açılışı olmuşdur. Tərəfdaş şəhərlər arasında 28 illik tarixi olan əməkdaşlıq uğurla davam etdirilir. 2002-ci ildən Almaniyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin təşəbbüsü ilə Bakıda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin ofisi açılmışdır. Alman dili mərkəzi “Almaniyanın və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” layihəsi çərçivəsində yaradılmışdır.
Mərkəzin açılış mərasimində tərəfdaş şəhərin nümayəndə heyəti, Almaniyanın Azərbaycandakı səfirliyinin təmsilçisi Klaus Bçenneke, şəhər orta məktəblərinin alman dili müəllimləri iştirak edirdilər. Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və Lüdviqshafen şəhərinin burqomistri Ernst Merkel 1977-ci ildə təməli qoyulmuş əlaqələrdən, iki şəhər arasında son illər xüsusilə fəallaşmış uğurlu əməkdaşlıqdan danışmışlar.
Sonra qonaqlar mərkəzlə tanış olmuşlar. İşıqlı və rahat otaqlar müasir ofis mebeli və təşkilat texnikası ilə təchiz edilmişdir. Mərkəzin alman dilində dərsliklər və kitablarla təchiz olunmuş zəngin kitabxanası var. Lüdviqshafenli tərəfdaşlar mərkəzə televizor, DVD və videomaqnitofon hədiyyə etmişlər.