SİYASƏT
SUMQAYITDA SEÇKİLƏR UĞURLA KEÇMİŞDİR
Sumqayıtda 398 min əhali yaşayır, onların 154 min nəfəri səsvermə hüququna malikdir. Şəhərdə 4 seçki dairəsinə 132 seçki məntəqəsi daxil idi.
Günün başlanğıcında bütün dairələrdə 1518 yerli və 36 beynəlxalq müşahidəçi qeydə alınmışdı. Onların əksəriyyətinin fikrincə seçkilər azad, demokratik şəraitdə keçmişdir. Müşahidəçilərdən biri, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, BMT Sosial Təşkilatının üzvü Akkan Suver AzərTac-ın müxbiri ilə söhbətində demişdir ki, onun başçılıq etdiyi Türkiyə deputatlarından ibarət müşahidəçilər qrupu Sumqayıtın bir neçə seçki məntəqəsində olmuşdur. Biz seçkilərin təşkilinin səviyyəsindən və gedişindən razıyıq. Hər şey demokratik ruhda idi.
Doğrudan da, Sumqayıtın bütün 132 seçki məntəqələrində bu siyasi kampaniyanın uğurla başa çatması üçün ən əlverişli şərait yaradılmışdı. Hər yerdə telefonlar qoyulmuş, ana və uşaq otaqları açılmışdı, tibb məntəqələri fəaliyyət göstərirdi.
Seçicilərin fəallığı gözlənildiyindən də artıq olmuşdur. İlkin məlumata görə, 41 nömrəli seçki dairəsində 40275 seçicidən 26054 nəfəri, yəni onların 64,6 faizi, 42 nömrəli seçki dairəsində 40255 seçicidən 24673 nəfəri, yəni 61,29 faizi səs vermişdir. 43 nömrəli seçki dairəsinin siyahılarında 38986 seçici var idi. Onlardan 24001 nəfər səsvermə hüququndan istifadə etmişdi ki, bu da 61,5 faizə bərabərdir. Sumqayıtla yanaşı, Ceyranbatan qəsəbəsinin və Xırdalanın bir hissəsinin də daxil olduğu 44 nömrəli seçki dairəsində 34785 seçicidən 22270 nəfər, yəni 64 faiz səs vermişdi.
Həmin gün ailə quran Rasim və İsmiyyət Mirzəyevlərin səsvermədə iştirakı böyük maraq doğurmuşdur. Onlar vətəndaşlıq borcunu yerinə yetirmək - Azərbaycan Respublikasının prezidentliyinə layiqli namizədə səs vermək üçün 8 nömrəli seçki məntəqəsinə gəlmişdilər. Gənclər etiraf etmişlər ki, həyatlarında bu gözəl günün Vətənin taleyi üçün belə mühüm hadisə ilə bir vaxta düşməsindən çox xoşbəxtdirlər.