MƏDƏNİYYƏT
SUMQAYIT RƏSSAMLARININ SƏRGİSİ
1967-ci ildə yaradılmış qalereya son on ildə texniki səbəblər üzündən işləmirdi. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə qısa müddət ərzində bina əsaslı təmir edilmiş, ən əsası isə, xüsusi temperatur rejimi üçün şərait yaradılmışdır.
Yüzlərlə bədii yaradıcılıq həvəskarı qalereyanın yerləşdiyi Nəsimi adına mərkəzi mədəniyyət və istirahət parkına, sərgi salonunun açılış mərasiminə toplaşmışdı. Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev toplaşanları təbrik edərək bildirmişdir ki, bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən il aprelin 3-də şəhər fəalları ilə görüşündə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində atılan addımlardandır.
Toplaşanlar Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra V.Əliyev vurğulamışdır ki, iki böyük mədəniyyət sarayı əsaslı təmirdən sonra artıq istifadəyə verilmişdir, digər mədəniyyət müəssisələrində təmir işləri gedir. O demişdir ki, Sumqayıtda yaradıcı gənclər çoxdur və bizim məqsədimiz onların fəaliyyəti, estetik zövqünün formalaşması üçün şərait yaratmaqdır.
Qırmızı lent kəsildikdən sonra qonaqlar 12 sumqayıtlı rəssamın sərgidə nümayiş etdirilən 100-dən çox əsəri ilə tanış olmuşlar. Sərgidə Azərbaycanın əməkdar rəssamı Mübariz Gəncəlinin, Vaqif Vəzirovun, Hicran Əliyevin və başqalarının rəsmləri də nümayiş etdirilir.
Salonda Sumqayıtdakı “Heydər bağı”nda ucaldılacaq Heydər Əliyevin büstünün eskiz variantı da təqdim olunmuşdur.