İQTİSADİYYAT
SURAXANI MAŞINQAYIRMA ZAVODU: İSTEHSAL, İXRAC, SATIŞ
Əsasən neft quyuları üçün dərinlik nasosları, müxtəlif növ neft-mədən avadanlıqları və ehtiyat hissələri istehsal edən Suraxanı Maşınqayırma Zavodu cari ilin yanvar-fevral aylarında 2 milyard 954,1 milyon manat dəyərində məhsul buraxmışdır. Bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 843,4 milyon manat çoxdur.
Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən iki ay ərzində 4 milyard 951,5 milyon manatlıq məhsul ixrac olunmuşdur. 2003-cü ilin eyni dövründə isə bu rəqəm 1 milyard 922,4 milyon manat təşkil etmişdi. Zavod həmin aylarda təkcə Dövlət Neft Şirkətinə 2,5 milyard manatlıq dərinlik nasosları vermişdir.
Maşınqayıranlar satış məhsullarının da həcmini artırmışlar. Belə ki, cari ilin iki ayında müəssisə rekord göstəriciyə nail olmuş, 11 milyard 361,7 milyon manatlıq, yəni keçənilkindən 8 milyard 745 milyon manat çox məhsul satmışdır.
Müəssisənin əsas məhsulları İSO və APİ beynəlxalq standartlarına uyğun buraxılır.