ELM VƏ TƏHSİL
Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin açılışı olub
Bakı, 6 may, AZƏRTAC
Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əsaslı təmir olunan məktəb binasında şagirdlərə təhsil almaq üçün bütün lazımi şərait yaradılıb.
Açılış mərasimində nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib ki, son bir neçə ildə ölkəmizdə 4 min 500-ə yaxın məktəbdən təxminən 3 mini əsaslı təmir olunub və yeni məktəb binaları istifadəyə verilib. Təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində tədrisin keyfiyyəti yüksəlib.
Qeyd olunub ki, 624 şagird yerlik ikimərtəbəli məktəb binası 17 sinif otağı, 2 emalatxana, 3 laboratoriya, hərbi hazırlıq otağı, tibb məntəqəsinə malikdir. Məktəbdə idman zalı, yeməkxana var.
Təhsil müəssisəsinin ərazisində abadlıq işləri aparılıb, açıq idman meydançası tikilib. Məktəbin dam örtüyü dəyişdirilib, binada müasir istilik sistemi quraşdırılıb. Təhsil müəssisəsi lazımi avadanlıqla təchiz edilib.
Sonra tədbir iştirakçıları məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə yaxından tanış olublar.