CƏMİYYƏT
Saatlı rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, rayon polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev narkotik vasitələrin kütləvi yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb. O bildirib ki, bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tək polis deyil, hər bir vətəndaş aktiv mövqe sərgiləməli, qanunsuz əməllə məşğul olan şəxslər barədə məlumatlı olduqda isə dərhal ərazi polis orqanına məlumat verməlidir.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu il narkotiklərlə bağlı həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri barədə də məlumat verən şöbə rəisi tədbirin sonunda məktəbliləri maraqlandıran sualları cavablandırıb.