REGİONLAR
Saatlıda 17 min 850 hektar sahəyə çiyid səpilib
Saatlı, 22 may, Mahir Babayev, AZƏRTAC
Saatlıda çiyid səpini müvəffəqiyyətlə başa çatıb. Ötən il ölkədə ən çox pambıq istehsal edən saatlılı “ağ qızıl” ustaları cari ildə 34-35 min ton məhsul götürməyi qarşılarına məqsəd qoyublar.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu mövsüm Saatlıda 17 min 450 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün məhsul istehsalçıları şum, arat, malalama işlərini vaxtında həyata keçirib, sahələrə üzvi və mineral gübrələr verib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük ediblər. Səpin kompaniyasına mütəşəkkil başlayan mülkiyyətçilər qısa müddətdə 17 min 850 hektar sahəyə çiyid səpiblər ki, bu da nəzərdə tutulduğundan 400 hektar çoxdur. İlkin səpin keçirilən 13 min 700 hektar sahədə yaxşı çıxış alınıb. Pambıqçılar bu sahələrdə artıq becərmə işlərinə başlayıblar.
Qeyd edək ki, ötən il rayonda 8 min 109 hektar sahədə pambıq əkilib və 12 min 88 ton məhsul götürülüb.