REGİONLAR
Saatlıda 22 min hektardan çox payızlıq taxıl əkiləcək
Saatlı, 7 noyabr, Mahir Babayev, AZƏRTAC
Saatlıda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda məhsul istehsalı ilbəil artır.
Rayon Statistika İdarəsindən AZƏRTAC–ın bölgə müxbirinə bildiriblər ki, saatlılı taxılçıları ötən ilin payızında 22 min 350 hektar sahələrdə taxıl əkiblər. Bunun da 3 min 436 hektarını arpa, 18 min 114 hektarını isə buğda sahələri təşkil edib. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 11 min 991, buğda zəmilərindən isə 79 min 643 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən, ümumilikdə, 91 min 635 ton taxıl götürərək, hər hektarın məhsuldarlığını 41 sentnerə çatdırıblar.
Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 5 min 371 hektar sahədə səpin aparıblar ki, bunun da 2 min 130 hektarı buğda, 3241 hektarı arpadır. Sahibkarlar səpin zamanı daha çox rayonlaşdırılmış məhsuldar sortlara üstünlük verirlər. Əkinçilər gün ərzində 200-250 hektar sahəyə toxum səpirlər.
Qeyd edək ki, saatlılı taxılçılar bu il 22 min hektardan çox sahədə payızlıq taxıl əkməyi planlaşdırırlar.