REGİONLAR
Saatlıda DYP əməkdaşları sürücülər arasında maarifləndirici tədbir həyata keçirib
Saatlı, 16 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol patrul xidmətinin inspektorları sutka ərzində bir neçə dəfə uzun məsafə qət edərək, minik avtomobilləri ilə rayonlararası və şəhərlərarası sərnişin daşımaları həyata keçirən sürücülərlə profilaktik söhbətlər aparıblar. Onlara öz tövsiyələrini çatdıran polis əməkdaşları sürücülərə yorğun və yuxulu vəziyyətdə nəqliyyat vasitəsini idarə etmələrinin təhlükəli olduğunu bildiriblər. Onlara özlərinin və sərnişinlərin təhlükəsizliyi üçün mütləq qaydada normal iş rejiminə əməl etmələrinin, yay fəsli ilə əlaqədar isti havada səfərə çıxmazdan əvvəl yollarda olan vəziyyət haqqında, eləcə də nəqliyyat vasitəsində olan müştərilərin səhhətləri ilə bağlı məlumat almalarının vacibliyi diqqətlərini çatdırılıb.