REGİONLAR
Saatlıda bugünədək 1000 tondan çox “ağ qızıl” toplanılıb
Saatlı, 18 sentyabr, Mahir Babayev, AZƏRTAC
Bir neçə gündür ki, Saatlıda pambıq yığımına başlanılıb.
Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 25,5 min ton “ağ qızıl” toplayan Saatlı rayonunun pambıqçıları cari ildə də qələbə əzmi ilə çalışırlar. Pambıqçılar bugünədək sahələrdən 1125 tondan çox pambıq toplayaraq qəbul məntəqələrinə göndəriblər. Gün ərzində sahələrdən 203-205 ton məhsul toplanılır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 4 şirkətlə - “MKT İK” MMC, “AZƏRPAMBIQ” MMC, “AQRO-AZ” MMC və SAATLI “KƏND TƏSƏRRÜFATI” MMC ilə 2645 müqavilə bağlanaraq 15 min 815 hektar sahədə pambıq əkilib. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən tarlalarda bol məhsul yetişib. “Bakı” Kəndli-Fermer Təsərrüfatının rəhbəri Xanım Babayeva bildirib ki, ölkə rəhbərinin aqrar sektorun inkişafına verdiyi hərtərəfli dəstək və pambığın alış qiymətinin artırılaraq 60 qəpiyə çatdırılması pambıq əkini ilə məşğul olan fermerlərin bu sahəyə olan marağını xeyli artırıb. Pambıqçılığın inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən edilən güzəştlər, verilən əlavə subsidiyalar öz gözəl bəhrəsini verib. İndi sahələrdə ötən ildəkindən qat-qat çox məhsul var. “Becərdiyimiz 60 hektar sahədə də məhsul boldur. Kollarda olan qozaların sayı ilə apardığım təxmini hesablamalara görə bu mövsüm hər hektardan 30 sentnerədək məhsul götürə biləcəyik”, – deyə fermer bildirib.
Bitkidəki qozaların tam açılmaması səbəbindən hələlik məhsul yığımı əl ilə aparılır. Yaxın günlərdə pambıqyığan kombaynlar sahələrə çıxarılacaq. Bunun üçün rayonda ciddi hazırlıq işləri görülüb, maşın-mexanizmlər hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, ötən il Saatlıda 17 min 100 hektar pambıq sahəsindən 25,5 min ton pambıq yığılıb.