REGİONLAR
Saatlıda mal-qaranın cins tərkibi yaxşılaşdırılır
Saatlı, 27 avqust, Mahir Babayev, AZƏRTAC
Saatlıda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət-süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük düyələr gətirilib, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 9 süni mayalama məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalama aparılan 2209 baş inəkdən 1707 baş buzov alınıb. Süni mayalama yol ilə alınan buzovlara görə rayonda 1233 maldara 150 min 100 manat subsidiya ödənilib.
Süni mayalama yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla əldə olunan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərdən 3-4 dəfə çox olur.