REGİONLAR
Saatlıda ötən il süni mayalama yolu ilə 3611 baş buzov alınıb
Saatlı, 30 yanvar, Mahir Babayev, AZƏRTAC
Saatlıda heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, süni mayalama yolu ilə doğulan hər buzova görə maldarlara verilən subsidiyalar bu sahənin inkişafına güclü təkan verib, ət, süd istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olub.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində bu sahəyə marağı daha da artırıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 9 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 4 min 853 baş inək və düyədən 3 min 611 baş buzov alınıb ki, bu da 2017-ci ildəkindən 1457 baş çoxdur. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 3 min 100 manat subsidiya ödənilib.
Saatlının heyvandarlıq təsərrüfatlarında 67 min 555 baş iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalama yol ilə cinsi yaxşılaşdırılmış heyvanlardır.