REGİONLAR
Saatlıda suvarma suların qənaətli paylanması layihəsi həyata keçirilib
Saatlı, 24 sentyabr, AZƏRTAC
BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Meliorasiya və Su Təsərrüfatı ASC-nin təşkilatçılığı ilə Saatlı rayonunun Cəfərxanlı kəndində damcılı suvarma sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi kənd təsərrüfatı sahəsində ənənəvi suvarma metodundan müasir suvarma metodlarına keçidin təşviq edilməsidir.
Tədbir çərçivəsində yeni metodla suvarılan ərazidə əkilmiş pambıq sahəsinə baxış keçirilib. Sonra bu sahədə görülən işlər, o cümlədən ETSN tərəfindən yaşıllaşdırma layihələrində damcılı suvarma sistemlərindən istifadə edilməsi barədə məlumat verilib. Bildirilib ki, suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan tələbat artır.
Əsas su itkiləri suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verdiyindən gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün sudan qənaətlə istifadə imkanı yaradan, su itkisini azaldan texnologiyaların tətbiqi zəruridir.
Qeyd olunub ki, suya qənaəti tətbiq və təşviq edən bu cür layihələrin tədricən bütün ölkə ərazisini əhatə etməsi üçün tədbirlər davam etdiriləcək.