CƏMİYYƏT
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Bakı, 10 yanvar, AZƏRTAC
Ölkə ərazisində yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-4°, gündüz 7-10° isti olacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 11-i gündüzdən 12-si gündüzədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 2-7°, dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 4-9° isti olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 2-4°, gündüz 9-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-8° isti olacağı ehtimal edilir.
Respublikanın bölgələrində qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.