REGİONLAR
Sabirabad və İsmayıllıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
Bakı, 4 mart, AZƏRTAC
Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, növbəti səyyar satışlar martın 5-də Sabirabad rayonun Qəzli kəndində Qruzma bələdiyyəsinin inzibati binasında keçiriləcək. Bu rayona ən yaxın kəndlər olan Qəzli, Qruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və digər ətraf kəndlərin sakinləri də səyyar satışdan yararlana biləcəklər.
Digər səyyar satışlar martın 7-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində icra nümayəndəliyinin binasında keçiriləcək. Bu rayona ən yaxın kəndlər olan Qubaxəlilli, Gəraybəyli, Xəlilli, Külümlü, Zərnava, Kəlbənd, Kütmaşı və digər ətraf yaşayış məntəqələrinin sakinlərinin də səyyar satışdan yararlanmaq imkanları var.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Sabirabad rayonu üzrə +99450 213 04 72 (Heydər Yaqubov, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), İsmayıllı rayonu üzrə +99450 332 74 44 (Həsən Həsənov, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.