CƏMİYYƏT
Sabirabad və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində oktyabrın 19-da saat 10:00-13:00-dək “Femida” və 26 saylı vəkil büroları tərəfindən Sabirabad rayonundakı Gənclər Mərkəzində Sabirabad və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm keçiriləcək.