REGİONLAR
Sabirabadda “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib
Sabirabad, 3 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə bu il martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilən tapşırıqların icrası ilə əlaqədar olaraq Sabirabad rayonunda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun, nazirliyin və tabeli qurumlarının, rayon icra hakimiyyətinin əməkdaşlarının, müvafiq pambıq şirkətlərinin nümayəndələrinin və pambıq istehsalçılarının iştirakı ilə “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov cari ildə rayonda pambıq əkini, bu sahədə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edərək nazirlik tərəfindən bu sahədə görülmüş işlərdən danışıb, hədəfləri açıqlayıb.
Daha sonra Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov “Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov “Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzularında, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov isə savadlı aqrar mütəxəssis hazırlığı sahəsində görülən işlərlə bağlı çıxış ediblər.
“MKT İK” MMC–nin və “Azər Pambıq” MMC-nin nümayəndələrinin çıxışları dinlənilib.
Sonda müşavirə iştirakçıları tərəfindən qarşılıqlı fikir mübadiləsi aparılıb, rayonda pambığın becərilməsi işlərinin səmərəli təşkilinə dair tövsiyələr verilib.
Daha sonra müşavirə iştirakçıları becərmə işləri ilə tanışlıq məqsədilə rayonun Qaratəpə kəndində təcrübəli pambıqçı Fatma Hüseynovanın pambıq sahəsində olublar.
Mütəxəssislər pambığın becərilməsi ilə bağlı fermerlərə tövsiyələr veriblər.