REGİONLAR
Sabirabadda qəza zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb - YENİLƏNİB VİDEO
Sabirabad, 24 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda mikroavtobus və yük maşınının toqquşması nəticəsində yaralanan daha bir şəxs xəstəxanaya gətirilib.
Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qəza nəticəsində əvvəlcə beş nəfər - Abşeron rayon sakini Salayev Sübhan Etibar oğlu, Saatlı sakini Məmmədova Cəvahir Əliş qızı, Füzuli sakinləri Zeynallı Elçin Xanlar oğlu, Hüseynova Cəmilə Məhərrəm qızı, Bakı şəhər sakini Əliyev Bərxudar Saleh oğlu gətirilib. Bərxudar Əliyev Reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı xəsarət alan Füzuli sakini Məmmədov Tərlan Məmməd oğlu isə özü xəstəxanaya müraciət edərək, qəzada xəsarət aldığını bildirib. Hazırda yaralıların müalicəsi davam etdirilir.
10:06
Sabirabadda mikroavtobus və yük maşını toqquşub. Qəza nəticəsində beş nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 41-ci kilometrliyində, Sabirabad rayonunun Bulaqlı kəndindən keçən hissəsində qeydə alınıb. Yük maşını və mikroavtobusun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan bir nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, dörd nəfər isə nisbətən yüngül bədən xəsarətləri alıb və müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.