REGİONLAR
Sabirabadın yeni Baş planında mənzil fondunun genişləndirilməsi nəzərdə tutulur
Bakı, 4 aprel, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Sabirabad şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 29 mart tarixli müvafiq Qərarı ilə təsdiq edilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2038-ci ilə qədər olan dövr üçün nəzərdə tutulan Sabirabad şəhərinin sayca dördüncü Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən işlənilib. Yeni sənədin hazırlanması müddətində şəhər üzrə aparılmış çoxsaylı ərazi təhlillərinə əsaslanaraq gələcək inkişaf prioritetləri təyin olunub.
Baş planda hesabat müddətinin sonuna kimi şəhər əhalisinin 53 min 500 nəfərə çatması ehtimal edilir. Bunu nəzərə alaraq, yeni yaşayış sahələrinə tələbatı ödəmək məqsədilə çoxmərtəbəli binaların tikintisi təklif olunur, adambaşına düşən ümumi yaşayış sahəsinin 24 kvadratmetrdən 25 kvadratmetrə qədər artırılması nəzərdə tutulur. Artım dinamikasına əsasən şəhərdə ictimai-işgüzar zonanın, yeni təhsil, səhiyyə, idman, mədəniyyət və əyləncə məkanlarının yaradılması planlaşdırılır. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqların azalmasının qarşısının alınması, tarixi ərazilərin qorunması və müasir memarlıq yanaşmalarının tətbiqi prioritet sayılır.
Baş plan layihəsində inkişaf tempinə uyğun olaraq nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin şaxələndirilməsi, küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 9,65 kilometrdən 20,38 kilometrə çatdırılması nəzərdə tutulub.
Sənəddə iqtisadiyyatın və turizmin inkişafı, ekoloji vəziyyətin yaxşılaşdırılması kimi məsələlərin həlli yolları da öz əksini tapıb. Bir neçə sənaye sahəsinin birləşməsi ilə vahid yeni sənaye ərazisinin ayrılması, istirahət zonasının qurulması, şəhər ətrafında məişət tullantıları üçün müasir poliqonun yaradılması təklif edilir.