REGİONLAR
Sabirabadlı gənclər qalib ordu sıralarında xidmətə ruh yüksəkliyi ilə yollanıblar VİDEO
Sabirabad, 12 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda bir qrup çağırışçı gənc vətənə borcunu yerinə yetirmək üçün xidmətə yollanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə rayonda çağırışçıların yolasalma mərasimi keçirilib. Bayraq meydanında keçirilən tədbirdə əvvəl Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edənlər çağırışçılara uğurlar arzu ediblər. Ordu quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin ideyaları, eləcə də Prezident, Ali Baş Komandan İlham Əliyevin milli ordumuzun daim möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı bir daha nəzərə çatdırılıb. Bildirilib ki, gündən-günə qüvvətlənən ordumuz vətən sərhədlərinin keçilməzliyinin təminatçısıdır. Yüksək ixtisaslı zabit və gizirlərin köməyi ilə əsgərlərin hərbi biliklərə yiyələnməsi, eyni zamanda, döyüş texnikalarının öyrənilməsindən söhbət açılıb. Bildirilib ki, vətənimiz əmin əllərdədir və xain düşmənin həmlələrinin istənilən an qarşısını almağa qadir ordumuz var. Buna misal olaraq Aprel döyüşlərində qazanılan zəfərdən, həmçinin iyul hadisələrində düşmənin təxribatının ram edilməsindən danışılıb. Həmçinin bildirilib ki, Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi atlında 44 günə torpaqlarımızı yağı düşməndən azad etdi. Qeyd edilib ki, şəhidlərimizin qanı bahasına alınan torpaqların qorunması gənclərimizin müqəddəs vəzifəsi sayılır. Bir daha diqqətə çatdırılıb ki, indi gənclər bütöv Azərbaycan torpaqlarının keşiyində dayanmağa yola düşür. Yeni yola düşən hərbi çağırışçılar görüşdə inam hissi ilə işğaldan azad edilən torpaqlarımızın keşiyində mərdliklə dayanacaqlarını bildiriblər.
Yolasalma mərasimindən əvvəl çağırışçılar Bayraq muzeyində olublar. Gənclərə Azərbaycanın zəngin tarixini, qədim dövlətçiliyini əks etdirən atributlar barədə məlumat verilib. Tədbirdə hərbi vətənpərvərlik musiqiləri səsləndirilib, həmçinin mədəniyyət işçilərinin vətənpərvərliyə, qəhrəmanlara həsr etdiyi səhnə nümayiş olunub. Daha sonra hərbi çağırışçılar üçrəngli bayrağımızı öpərək onlar üçün ayrılan avtobusla hərbi xidmətə yola salınıb.