REGİONLAR
Sabirabadlı pambıqçılar hər gün qəbul məntəqələrinə 450-500 ton məhsul göndərirlər
Sabirabad, 8 oktyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadda pambıq yığımına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri hər gün sahələrdən 450-500 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan bu günədək 6878 ton “ağ qızıl” toplanıb. Tədarük olunan məhsulun 65 faizindən çoxu maşınlarla yığılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sabirabadlı pambıqçılar bu il 13 min 55 hektar sahədə pambıq əkiblər. Ötən il 18 min tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək sahibkarların bu ənənəvi sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürür.
Qaratəpə kənd sakini, uzun illər pambıq əkini ilə məşğul olan adlı-sanlı pambıqçı, Prezident təqaüdçüsü Fatma Hüseynova ötən il 30 hektar sahədə pambıq əkib və hər hektardan 55 sentner məhsul götürüb. Pambıqçı bu il 32 hektarda pambıq əkib və bu günədək 70 tondan çox məhsul yığıb. Fermerin sahəsində hələ məhsul çoxdur. O, yetişdirdiyi məhsulu son qozasına qədər toplamaq üçün var qüvvəsi ilə çalışır.
“Gənclik illərimdən bu sahədə çalışıram. Pambığın əkilib-becərilməsində yaxşı təcrübə qazanmışam. Bunun sayəsində də hər il əkdiyim sahələrdə məhsul bol olur. Son illər ölkəmizdə pambıqçılığın dirçəldilməsinə göstərilən qayğı məni çox sevindirir. Çünki ömrümün 50-55 ilini bu sahədə işləmişəm. Əməyim dövlət tərəfindən layiqincə qiymətləndirilib. Yenidən pambıq əkini ilə məşğul olmağım məni sanki gənclik illərinə qaytarır. İndi daha böyük həvəslə işləyirəm”, - deyə fermer vurğulayıb.