REGİONLAR
Sabit Rəhmanın ev muzeyinin yaradılmasının 20 illiyi qeyd edilib
Şəki, 12 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə görkəmli Azərbaycan yazıçısı, dramaturq Sabit Rəhmanın ev muzeyinin yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Sabit Rəhmanın ailə üzvləri, nəvələri Ceyran Mahmudova, Polad bəy, nəticəsi Sabit, həmçinin Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova, ziyalılar iştirak ediblər.
Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yubiley tədbirini muzeyin direktoru Pərvanə İskəndərova açaraq müəssisənin 20 illik fəaliyyəti barədə danışıb. Bildirilib ki, Sabit Rəhmanın ev muzeyi 2001-ci ildən fəaliyyət göstərir. Muzeyin yerləşdiyi bina XIX əsrin əvvəllərində tikilib və Şəkidə ilk daş binalardandır. Ekspozisiyada 500-dək eksponat nümayiş etdirilir. Muzeyə gələn qonaqlar Sabit Rəhmanın və onun oğlu, görkəmli bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Tədbirdə Sabit Rəhmanın nəvəsi Ceyran Mahmudova çıxış edərək, babası ilə bağlı xatirələrini bölüşüb və muzeyə yeni eksponatlar təqdim edib.
Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, Şəki şəhər 3 saylı musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova yazıçı-dramaturqun həyat və yaradıcılığı barədə danışıblar.
Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, muzeyin kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yubiley tədbiri 3 saylı musiqi məktəbinin müəllimlərinin ifasında Emin Sabitoğlunun bəstələdiyi mahnılarla başa çatıb.