REGİONLAR
Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Uzunluğu 26 kilometr olan Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti layihəsinə uyğun olaraq, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülüb, bunun üçün isə müəyyən hissələrdə dağ yamacları xüsusi texnika ilə kəsilib. Daha sonra 200 min kvadratmetr sahəni əhatə edən 20 santimetr qalınlığında optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 santimetr qalınlıqda qım-çınqıl qarışığından əsasın üst layı tikilib. Asfaltlanma işləri yolun 170 min kvadratmetrdən çox sahəsini əhatə edib.
Yolboyu 6 yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri yerlərdə müxtəlif diametrli, uzunluğu 239 poqonmetr olan 30 dəmir-beton boru quraşdırılıb. Hərəkətin normal təşkili üçün yol nişanı, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.
Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə bu ərazidə yaşayan əhalinin rayon mərkəzinə və respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.