REGİONLAR
Şabran rayonu üzrə 738 uşaq məktəbəhazırlığa cəlb olunub
Şabran, 2 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonu üzrə 25 məktəbdə 38 qrup olmaqla, 738 uşaq məktəbəhazırlığa cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbəhazırlıq qrupları rayondakı müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil edilib. Qruplara 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunub və təhsil dövlət hesabına həyata keçirilir. Həftədə 4 gün, gün ərzində 3 məşğələ tədris olunacaq qruplarda bir məşğələnin müddəti 30 dəqiqə müəyyənləşdirilib.
Məktəbəhazırlıq qruplarında məşğələlərə oktyabrın 1-dən başlanılıb.
Bu qrupların yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Bu qruplarda dərs ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.