REGİONLAR
Şabran rayonunda 3 mindən çox sakinin içməli su problemi həll ediləcək
Bakı, 17 may, AZƏRTAC
Prezident İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma yaşayış məntəqələrini əhatə edən layihə 3 mindən çox sakinin içməli su problemini həll edəcək.
Layihəyə əsasən, kəndlərə içməli su Şollar-Bakı su kəmərindən veriləcək. Suyun optimal paylanmasını təmin etmək üçün kəndlərdə hər birinin tutumu 100-300 kubmetr olan 5 ədəd su anbarı tikilir. İkipilləli nasoslarla anbarlara çatdırılacaq suyun paylayıcı şəbəkələrə ötürülməsi üçün 28 kilometr uzunluğunda müxtəlif diametrli magistral su xətləri çəkilib.
Layihə çərçivəsində 9 kəndin hər birində mərkəzləşdirilmiş şəbəkə yaradılır və bu məqsədlə 38 kilometr xəttin inşası planlaşdırılıb.
Eyni zamanda, kəndlərdə 965 evə birləşmə veriləcək və sayğaclar quraşdırılacaq. Hazırda anbarlarda və şəbəkə xətlərində tikinti-quraşdırma və sayğaclaşma işləri aparılır. Cari ilin iyun ayında işlərin tam yekunlaşacağı və kəndlərə suyun verilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma kəndlərində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Bəzi kəndlərin sakinləri içməli suya olan tələbatlarını Dağ Bilici kəndi yaxınlığındakı Xırmı bulağından istifadə etməklə ödəyib. Lakin son illər bulağın məhsuldarlığı azaldığından kəndlərin tələbatı tam ödənilmirdi. Buna görə sakinlər içməli suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar.