CƏMİYYƏT
Şabranda qaz qumbarası tapılıb
Bakı, 2 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Şabran rayonu, dəyirmanın yaxınlığında əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Şabran Rayon Polis Şöbəsinin, mərkəzi xəstəxanasının əməkdaşları həmin əraziyə göndərilib və birlikdə baxış keçirilib, təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd qaz qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qaz qumbarasının ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.