REGİONLAR
Şabranda xarici təcrübə əsasında yeni fındıq bağları salınır VİDEO
Şabran, 28 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunda yeni üsulla fındıq bağları salınır. Rayonun Aygünlü kəndindəki salınan bağlarda İspaniya və Türkiyə təcrübəsindən istifadə olunur.
AZƏRTAC xəbər verir ki, yeni üsulla salınan bağlarda fındıq ağacları arasındakı məsafə 50 santimetrə bərabərdir. Ənənəvi bağlarda isə bu göstərici 5-8 metr arasındadır.
On iki hektar ərazidə salınan bağdakı ağaclar damcı üsulu ilə suvarılacaq. Şimal regionunda ilk dəfə sınaqdan keçirilən əkin prosesində hər hektarda 3 mindən çox ting əkiləcək. Fındıq tingləri Şəki- Zaqatala bölgəsindən gətirilib.
Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev yeni üsulla salınan bağlarda məhsuldarlığın ənənəvi bağlara nisbətən 3-4 dəfə çox olduğunu bildirir. Mütəxəssis qeyd edib ki, yeni bağlara qulluq da fərqlidir. Əvvəllər fındıq bağlarına demək olar ki, aqrotexniki qulluq olunmurdu. Fermerlər yalnız ağacların suvarılması ilə kifayətlənirdi. Yeni salınan bağlarda əkilən ağaclar isə mütəmadi budanaraq formaya salınacaq, dərmanlama işləri aparılacaq. Üç ildən sonra yeni salınan bağlardan ilk məhsul əldə olunacaq.
Fermerlər müasir üsullardan istifadə etməklə daha çox gəlir əldə edə bilərlər.
Ümumilikdə, Şabran rayonunda 1000 hektar ərazidə yeni fındıq bağlarının salınması nəzərdə tutulub. Artıq 106 hektar sahədə ting əkilib. Gələn ilin mart ayına kimi yeni fındıq bağlarının sahəsi 500 hektara çatdırılacaq.