REGİONLAR
Şabranda yetişdirilən xurma Rusiya bazarlarına çıxarılır VİDEO
Şabran, 29 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Şabranlı təsərrüfatçılar xurma bağlarında bol məhsul yetişdiriblər. Artıq bir neçə gündür ki, məhsul yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu il havaların əvvəlki illərə nisbətən quraq keçməsi subtropik meyvə sayılan xurma üçün əlverişli olub. Bu səbəbdən də xurma bağlarında məhsuldarlıq yüksəkdir.
Rayonun Aygünlü kəndindən olan fermer Ələsgər Əkbərov 20 ildən çoxdur bağında xurma yetişdirir. O, hər il təsərrüfatından orta hesabla 12-13 ton məhsul toplayır. Fermer builki məhsuldarlıqdan da razıdır: “Xurma az qulluq tələb edən, amma çox incə meyvədir. Şimal bölgəsində son 25-30 ildə əkilməyə başlayıb. Subtropik bitki olduğu üçün soyuğa davamlı deyil. Meyvə yığılmamış qar yağsa və ya şaxtalı hava olsa, məhsul zay ola bilər. Ona görə də xurma bağlarından meyvə yığımını mümkün qədər tez yekunlaşdırmaq lazımdır. Meyvənin satışında heç bir çətinlik yoxdur”.
Şabranda yetişdirilən xurmanın 80-90 faizi Rusiya bazarlarına göndərilir. İş adamları xurmanın kiloqramını sortundan və keyfiyyətindən asılı olaraq 25-40 qəpiyə alırlar. Hazırda toplanan meyvə qablaşdırılaraq yük maşınlarına, müəyyən hissəsi isə soyuducu anbarlara yığılır.
Qeyd edək ki, Şabran rayonunda 1752 hektar meyvə bağı var. Bunun 115 hektarı xurma bağlarıdır. Ötən il şabranlı təsərrüfatçılar 731 tondan çox məhsul əldə ediblər.