REGİONLAR
Şabranın ən çox kitab oxuyan sakinləri mükafatlandırılıb
Şabran, 24 may , Elxan Yusifli, AZƏRTAC
Şabranda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunan “Oxu bayramı”nda rayondakı kitabxanaların ən çox kitab oxuyan üzvləri mükafatlandırılıb. Müsabiqə çərçivəsində 19 fəal oxucu pul mükafatı və qiymətli hədiyyələr qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalılıq səviyyəsi əsas qiymətləndirmə meyarı sayılıb.
Birinci yerə layiq görülən 3 nəfərin hər biri 300 manat, ikinci və üçüncü yerin sahibləri isə müvafiq olaraq 200 və 100 manatla mükafatlandırılıb. Bundan əlavə, 10 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub.
Mərkəzi Kitabxananın qarşısında açıq havada təşkil olunan mərasimdə 3 mindən çox kitab nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər “Oxu bayramı”nın əhəmiyyətindən danışaraq bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir.
Bayram tədbirində Şabran Xalq Teatrının aktyorlarının ifasında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr edilən “Zərrə mənəm, Günəş mənəm” adlı tamaşa təqdim olunub.