REGİONLAR
Şabranın ümumtəhsil məktəblərində 138 vakant iş yeri var
Şabran, 7 avqust, Elxan Yusifli, AZƏRTAC
Yeni dərs ili üçün Şabran rayonu üzrə müəllimlərin işə qəbul müsabiqəsində rayondan 138 vakant iş yeri göstərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun ümumtəhsil ocaqlarında daha çox kimya, biologiya, fizika, informatika və ingilis dili fənləri üzrə ixtisaslı kadrlara ehtiyac var.
Hazırda rayondakı 48 tədris mərkəzində 1000 nəfərə yaxın pedaqoq çalışır. 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 8 fənn üzrə vakant iş yeri göstərilib. Əsas kadr çatışmazlığı rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd tədris ocaqlarındadır.
Şabran Rayon Təhsil Şöbəsindən bildirilib ki, ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. Müəllimlərin işə qəbul müsabiqəsi avqustun sonunda yekunlaşacaq. Bundan sonra vakant iş yerlərində çalışmaq istəyən müəllimlər müəyyənləşəcək. Rayon mərkəzindən 25 kilometr və daha artıq məsafədə yerləşən kəndlərdə təhsil verəcək pedaqoqlar üçün bir sıra güzəştlər nəzərdə tutulub.