CƏMİYYƏT
Sabunçu rayonunda sanitar-karantin qaydalarına əməl etməyən 36 nəfər cərimələnib VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Son dövrlər koronavirus infeksiyasının yayılmasının qarşının alınması istiqamətində dövlətimizin apardığı mübarizə tədbirlərinin nəticəsi kimi yoluxma sayında ciddi azalmalar müşahidə olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, buna baxmayaraq əldə olunan müsbət dinamikanın qorunub saxlanılması istiqamətində polis əməkdaşları qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirləri davam etdirirlər. Növbəti belə tədbiri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları keçiriblər.
Reyd zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman maskalardan istifadə etməyin zəruriliyi barədə bir daha məlumatlandırıblar. Profilaktik tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Yoxlamalar nəticəsində taksi fəaliyyəti ilə məşğul olan, lakin buna baxmayaraq tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb. Eləcə də sanitar-karantin qaydalarına əməl etməyən 36 şəxs barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, Sabunçu rayonunda sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq həyata keçiriləcək.