CƏMİYYƏT


Sabunçuda bir ədəd “RQD-5” əl qumbarası zərərsizləşdirilib

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 12-də saat 19:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində əl qumbarasına bənzər əşyanın tapılması barədə məlumat daxil olub.

AZƏRTAC xəbər verir ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Eldar Xəlilov küçəsi ev 105 ünvanına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “RQD-5” əl qumbarası (UZRQM partladıcısı ilə birlikdə) aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 30 kvadratmetr əraziyə yerüstü, 5 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən bu ilin yanvar ayının 1-dən iyulun 12-dək 140 siqnal (əməliyyat çağırışı) əsasında 121 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmir yolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1 678 ədəd partlamamış hərbi sursat (PHS), 18 630 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 17 ədəd tank əleyhinə mina və 30 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 128 095 kvadratmetr ərazi yerüstü və 8 657 kvadratmetr ərazi yeraltı yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.