MƏDƏNİYYƏT
Saday Budaqlının “Yolüstü söhbət”i təqdim olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının “Yolüstü söhbət” kitabının təqdimatı keçirilib.
Tərcümə Mərkəzindən AZƏRTAC- a bildirilib ki, tədbirdə qurumun direktoru Afaq Məsud S.Budaqlı ilə tanışlığından söhbət açıb.
Qeyd edib ki, Saday çox az yazır, lakin yazdıqları yaddaşlarda uzun müddət yaşamağa qadirdir. O, nəyin bahasına olursa olsun, gündəmdə qalmağa, tanınmağa meyilli olmayan, ədəbiyyata qazanc və şöhrət mənbəyi kimi baxmayan, şəxsiyyətini, qürurunu qoruyub-saxlayan yazıçılarımızdandır. Ədəbi dəyərlərin itirildiyi, bədii kitabların çox vaxt ucuz makulaturaya çevrildiyi bir ədəbi baxımsızlıq dönəmində Saday qələmə, sözə olan sədaqətini heç nəyə dəyişməyib, öz sakit ədəbiyyat ərazisində yaşayıb-yazmağına davam edib. Bu gün 60 yaşının tamamı münasibətilə mərkəzin nəşr etdiyi bu kitab, S.Budaqlının 25 ildə latın qrafikasında nəşr olunan ilk kitabıdır. Həyatı barədə qısa biblioqrafik məlumat onun, ötən əsrin 80-ci illərinin əvvəllərində Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığını və bu qısa müddət ərzində Rusiya ədəbi mətbuatının bir neçə nüfuzlu mükafatlarına - 1982-ci ildə Moskvanın “Nedelya” həftəlik məcmuəsinin laureatı, həmin ildə “Drujba Narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mükafatı, 1986-cı ildə Moskvada nəşr olunan “Uduş” kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görüldüyünü fiksə edir. Ümidvarıq ki, yazıçı Azərbaycanda da öz layiqli qiymətini alacaq.
A.Məsud vurğulayıb ki, Saday Budaqlı həm də gözəl bədii tərcümə ustasıdır. Onun tərcümələri hər zaman yazıçı nəfəsi ilə, yad əcnəbi düşüncəni Azərbaycan dilinin bütün bədii imkanları çərçivəsində ala bilmək bacarığı ilə seçilir. Onun M.Bulqakov, Y.Kavabata, Q. Markes, M. Lyosa, X.Onetti, K. Sela, M. Delibes kimi bir-birindən tam fərqli ədəbi üslub daşıyıcılarının əsərlərindən ərsəyə gətirdiyi tərcümələr, milli bədii tərcümə sənətimizin inciləri sırasındadır. 2009-cu ildə Saday Budaqlı M. Bulqakovun “Master və Marqarita” romanına görə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
Daha sonra yazıçının həmkarları, iş yoldaşları çıxış edərək, Saday Budaqlının yaradıcılığı barədə fikirlərini bölüşüb, yubilyarı təbrik edib, ürək sözlərini bildiriblər.